İndiyədək Azərbaycanda aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb.
"Yevlax Pilot Aqroparkına rezidentlər tərəfindən 55,2 milyon manatadək investisiya yatırılacaq"
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında aqroparklar haqqında danışarkən məlumat verib.
Sədr öz çıxışında vuğulayıb ki, "İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min ha torpaq sahəsinin 35,7 min ha suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub".
Aqroparklarda istehsal prosesi haqqında məlumat verən Seymur Adıgözəlov qeyd edib ki. "2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub".