Son günlər ölkə ərazisində müşahidə olunan soyuq və şaxtalı hava şəraiti cənub bölgəsində sitrus ağaclarına mənfi təsir edib. Xüsusilə Lənkəran, Astara və Masallı rayonlarında fermerlər məhsuldarlığın azalmasının qarşısını almaq üçün müxtəlif qoruyucu tədbirlər görürlər. Fermerlərin sözlərinə görə, temperaturun kəskin enməsi sitrus ağaclarının donmasına səbəb ola bilər. Bunun qarşısını almaq məqsədilə bağlarda ağaclar xüsusi örtüklərlə qorunub, torpağın rütubəti artırılıb və süni isitmə tədbirləri görülüb.
FED.az xəbər verir ki, qış aylarında təsərrüfat sahibləri sitrus ağaclarını şaxtadan qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu məqsədlə ağaclar politelin örtüklərlə bağlanır və digər qoruyucu vasitələr tətbiq olunur. Lakin güclü şaxtalar zamanı bu tədbirlər yetərli olmur və ağacların zərər görmə riski artır. Mütəxəssislər bildirirlər ki, sitrus bağlarını donvurmadan qorumaq üçün əlavə istilik mənbələrindən istifadə olunmalı və torpaq nəmliyi artırılmalıdır.
Fermer Ramiz Hüseynov deyir ki, 30 hektar sitrus bağı var və ağacları şaxtadan qorumaq üçün ənənəvi üsullardan istifadə edir. Onun sözlərinə görə, əsas qoruyucu tədbirlərdən biri ağacların politelin örtüklə bağlanmasıdır. Bundan əlavə, torpağın nəm saxlanılması və süni istilik mənbələrinin istifadəsi də şaxtanın təsirini azaltmağa kömək edir. Lakin güclü şaxtalar zamanı bu tədbirlər kifayət etmir və fermerlər əlavə həll yolları axtarmağa məcbur qalırlar.
Bəzi təsərrüfat sahibləri ənənəvi metodlara üstünlük versələr də, müasir texnologiyalar tətbiq olunan təsərrüfatlar da mövcuddur.
Lənkəranın Separadi kəndində 150 hektar sahədə salınan sitrus bağında iki ildən artıqdır ki, ağacları şaxtadan qorumaq üçün xüsusi avadanlıqlardan istifadə olunur. Belə ki, Lənkəranda ilk dəfə olaraq bu ərazidə “Donqovan pərvanələr” quraşdırılıb. Ağacları şaxtadan qoruyan bu “pərvanələr” qış aylarında istənilən havada temperaturu tənzimləyir və beləliklə, meyvələri və ağacları donvurmadan qoruyur. Yaxın illərdə isə bu müasir avadanlıqlardan digər ətraf ərazilərdə də quraşdırılması planlaşdırılır.
Mütəxəssislər bildirirlər ki, belə hava şəraitində sitrus bağlarının qorunması üçün vaxtında tədbirlər görülməzsə, məhsuldarlıqda ciddi azalmalar müşahidə oluna bilər. (Azərtac)