İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC 2024-cü ildə Azərbaycanın tinglərə olan daxili tələbatının 50 faizini ödəyə biləcək.
Kənd təsərrüfatında hansı sahə daha sərfəlidir? - NAZİRLİK AÇIQLADI
FED.az xəbər verir ki, bunu “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov "Vergilər" qəzetinə deyib.
Onun sözlərinə görə, şirkət gələn il Azərbaycanda 2 milyon ting istehsal etməyi planlaşdırır: “2023-cü ildə 1 milyon 250 min ting istehsal ediləcək. Bu, xaricdən gətirilən tinglərin 30 faizini yerli tinglərlə əvəz etməyə imkan verəcək. 2024-cü ildə 2 milyon ədəd ting əkilərsə, bunun hesabına daxili bazarın tələbatını 50 faizini ödəyə biləcəyik. Məlumatlara görə, Azərbaycanda ildə təxminən 4 milyon ting idxal edilir”.
Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. “İSFA” MMC ting ixrac edən ilk Azərbaycan şirkətidir.