Mayın 13-ü günorta saatlarında yağan şiddətli dolu Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
FED.az xəbər verir ki, dolu rayonun 90-a yaxın yaşayış məntəqəsinə düşüb. Günorta saatlarında 5 dəqiqə ərzində yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu gilas bağlarına, taxıl sahələrinə, çiyələk, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.
Xaspoladoba və Qalağan kəndlərində 20 hektara yaxın əkin sahəsi dolunun təsirindən yerə yatıb.
Bununla yanaşı, sakinlər tərəfindən evlərin dam örtüklərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var.
Xaçmaz Rayon İcra Hakimiyyətində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.
Eləcə də bax: Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi işə başlayır