Bu il qışın sərt keçməsi Astarada sitrus bağlarının, əsasən də limon ağaclarının şaxtavurması ilə nəticələnib. Ağaclarda qalan meyvələr çürüyüb, yarpaqlar saralıb, ağac özü isə quruyub.
FED.az xəbər verir ki, fermerlərə orta hesabla 4-5 min manata yaxın ziyan dəyib.
"Bu il qış sərt keçdi, bizə çox ziyanı dəydi. Təqribən 7-8 min limonu şaxta vurub, hamısı tökülüb yerə. İlk dəfədir ki, bu hal olur. 71 yaşımdayam, bu yaşa qədər belə şey görməmişəm", - deyə fermer bildirib.
Qeyd edək ki, Astara rayonunda sitrus meyvə bağlarının əksəriyyəti 2018-ci ildən salınan birdəfəlik bağlardır. Fermerlər bu bağlara görə birdəfəlik subsidiyalarla bəhrələnib və subsidiyaların nəticəsi olaraq sitrus meyvə bağları 2200 hektardan 4563 hektara çatdırılıb.