Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-18 iyul tarixlərində ənənəvi “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda ümumilikdə 30-dan artıq regiondan 100-ə yaxın fermer 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A