Bu il Azərbaycanda fındıq istehsalı ilə məşğul olan sahibkarların ötən illə müqayisədə 25-30 % az məhsul toplayacağı gözlənilir.
FED.az xəbər verir ki, bunu açıqlamasında "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.
Onun sözlərinə görə, buna səbəb xüsusilə may-iyun aylarında havaların qeyri-sabit keçməsidir.
"Hava şəraitinə görə, bu il Şəki–Qax–Zaqatala bölgəsində məhsuldarlığın ötən ilə nisbətən 25–30 % azalacağını gözləyirik. Həmçinin, məhsulun keyfiyyətinin pisləşməsi müşahidə olunur. Keçən il zərərvericilər fındığa ciddi ziyan vurmuşdu. Bu il də müəyyən təhlükə var. Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlar mübarizə tədbirləri görürlər. Amma problem ondadır ki, zərərvericilər geniş ərazilərdə yayılır, buna görə də daha intensiv tədbirlərin görülməsi zəruridir. Son bir ildə yeni bağların salınması müşahidə olunmayıb”,- deyə İ.Orucov qeyd edib.
İsmayıl Orucovun sözlərinə görə, bu il bütün dünyada məhsul az olduğu üçün xarici bazarlarda qiymətlərin orta hesabla 30-40 % artacağı gözlənilir. Elə daxili bazarda da fındıq baha olacaq.