Şəki rayonundan olan sahibkarlar Rusiya Federasiyasının Novqorod vilayətinə quru meyvələrin tədarükündə maraqlıdırlar. Rusiya KİV-nin verdiyi xəbərə görə, bu barədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məlumat verib.
FED.az xəbər verir ki, “Biz Novqorod vilayətinin bazarına quru meyvə tədarük etmək istəyirik", - deyə E.Usubov Nijeqorod vilayətinin qubernatoru Andrey Nikitinlə görüşdə bildirib.
Öz növbəsində, A.Nikitin qeyd edib ki, vilayət Şəki şəhərindən olan yeni tərəfdaşlardan müəyyən satınalmalar həyata keçirməyi, o cümlədən meyvə və digər kənd təsərrüfatı məhsulları almağı planlaşdırır. Onun sözlərinə görə, Novqorod vilayətinin ərazisində paylama mərkəzinin inşasına başlanacaq. Məhsullar bu mərkəzdən Rusiya Federasiyasının Şimal-Qərb Federal Dairəsinin bütün bölgələrinə və Moskvaya çatdırılacaq.
Görüşdə tərəflər birgə layihələrin (gübrə, toxum və quşçuluq sahəsində) həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Əməkdaşlığın digər istiqamətləri isə turizm və mədəniyyət sahələri ilə bağlıdır.
Danışıqların yekunları üzrə tərəflər Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
Görüş zamanı Şəki rayonu və Şəki şəhəri haqqında təqdimat keçirilib.
Tərəflər Bakıda keçirilən IX Rusiya-Azərbaycan Regionlararası Forumunda qarşılıqlı əlaqələr qurublar. Ötən bir il ərzində novqorodlu sahibkarların Azərbaycana biznes-missiyaları təşkil edilib. Səfərlərdən biri çərçivəsində Boroviçi şəhərində fəaliyyət göstərən “Elegiya” MMC Azərbaycanın “Embawood” şirkəti ilə mebel tədarükü haqqında müqavilə bağlayıb. Novqorod məhsulları artıq Azərbaycan bazarına daxil olur.
2018-ci ildə Novqoroddan Azərbaycana 3 milyon dollar dəyərində mal ixrac edilib. İxracın həcmi kağız və karton, eləcə də onlardan hazırlanan məhsulların tədarükünün artması hesabına artıb. Azərbaycana, həmçinin ağac və ağacdan məmulatlar, keramika malları, elektrik maşınlar, avadanlıqlar, kimya məhsulları, mebel və yataq ləvazimatları ixrac edilib.
Novqorod vilayətinin ərazisində Azərbaycan kapitallı "Vozrojdenie" təmir-tikinti kooperativi qeydiyyata alınıb.
"interfaks-Azərbaycan"