Cari ilin 7 ayında Şəki rayonunda 4034 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 1965 baş buzov alınıb. Yeddi ayda Şəki rayonu üzrə 1342 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1644 baş cinsi yaxşılaşdırılmış buzova görə 164 min 400 manat subsidiya ödənilib.
ELƏCƏ DƏ BAX : Bu il «soğan faciəsi» niyə baş vermədi? - BAZARDA YENİLİK
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb.
Nazim Rəcəbov deyib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək məhsul istehsalçıları tərəfindən rayona dövlətin güzəştli şərtləri ilə satılan 384 baş damazlıq düyə alınıb gətirilib. Sektor müdiri bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.