Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə yerli fermerlərin məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun nümayəndələri 5-6 avqust tarixlərində Şəki rayonunda fermerlərlə görüşlər keçirib.
FED.az xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər rayonun iri kənd təsərrüfatı əraziləri sayılan Orta Zəyzid, Baş Güngüt, Baş Dəhnə kəndlərində və Turan qəsəbəsində keçirilib.
Görüşlərdə yerli əhali və fermerlərə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta, onun tətbiqi məqsədləri, işləmə mexanizmi barədə məlumat verilib. Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, sığorta haqları, sığorta hadisəsi baş verərkən ödəniş prosesi və sair detallar açıqlanıb.
Görüşlərdə səslənən məlumatlar kənd təsərrüfatı sahəsində çalışan sakinlərin böyük marağına səbəb olub. Yerli fermerlər ödəniş prosesinin detalları, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı çoxsaylı suallar qaldırıb. Fermerlər sığortalanan təsərrüfatlar üçün nəzərdə tutulan tələblər və bu tələblərə əməl edilməsi ilə bağlı detallarla maraqlanıblar.
Onlara bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, südlük inək və camışlar, eləcə də balıqçılıq təsərrüfatları sığortalanır. Dövlət dəstəkli aqrar sığortanın əsas xüsusiyyəti – sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənilməsidir.
Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən olduqca razı qalıb, onun sərfəli olduğunu bildiriblər.
Fermerlərə bildirilib ki, onlar təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaqdır.
Görüşlərdə son dövrlər dünyada, regionda və Azərbaycanda baş verən təbii fəlakətlər, onların kənd təsərrüfatına vurduğu zərər xatırlanıb və fermerlərə tövsiyə olunub ki, qarşıdan gələn payızlıq taxıl əkini dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.