Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.
FED.az nazirliyə istinadən xəbər verir ki, yarmarkada payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub. Toxum sərgi-satış yarmarkası çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə ətraflı məlumat verilib. Nazirliyin müvafiq qurumları fermerlərə operativ məsləhət xidməti göstəriblər.
Tədbirdə COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib.
Hər iki rayonda təşkil olunan sərgi və festivallarda fermerlər üçün kredit yarmarkaları da təşkil olunub. Yarmarkalarda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarının sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar veriblər.
Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Goranboy, Tərtər, Ağsu, Zərdab, Beyləqan, Cəlilabad, Masallı, Neftçala, Qax, Balakən və Şabran rayonlarında da toxum sərgi-satış yarmarkalarının təşkil edilməsi nəzərdə tutulur.