Kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Sarvan Cəfərov aprelin 13-də Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul, Şirvan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
İnam Kərimovu əvəz edən Sarvan Cəfərov kimdir? - DOSYE
FED.az xəbər verir ki, Sarvan Cəfərov Hacıqabul Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, eləcə də fermerlərə informasiya məsləhət xidməti göstərən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 20 nəfərin müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya və güzəştli şərtlərlə kreditlərin verilməsinə aid olub.
Bundan başqa, fermerlər kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə barədə problemləri açıqlayıblar.
Qəbulda fermerlərin qaldırdığı digər məsələ torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər mövzulara aid olub.
Nazir müavini Sarvan Cəfərov qaldırılan məsələlərin öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir müavini Sarvan Cəfərov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.