Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin yaradılması üzrə təsis yığıncağı keçirilib.
ELƏCƏ DƏ BAX : Oğuzda 300 hektarda yeni fındıq bağları salınacaq
FED.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev, sözügedən sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər.
Daha sonra “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyat keçməklə bağlı qərar qəbul ediblər. Fermer Qurbanəli Babaşov yekdilliklə “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin sədri seçilib.
İmzalanma mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr təşkil olunub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.
mənbə : qafqazinfo.az