2024-cü ilin ilk Aqrar Biznes Festivalı Salyan rayonunda keçirilib.
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Sahikarlığın İnkişafı Fondu və "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin tərəfdaşlığı ilə keçirilən festivalda Salyan, Saatlı, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, Cəlilabad rayonlarından olan fermerlər iştirak edib.
Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri nümayiş olunub və festival iştirakçıları Nazirliyin tabeli qurumlarının fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırılıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən Aqrar Biznes Festivallarının əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsi olduğunu bildirib.
Festivalda nazirlik aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi “Yazlıq aratın üstünlükləri və əhəmiyyəti”, Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi “Payızlıq taxıllara qulluq işlərinin aparılması və alaq otlarına qarşı mübarizə”, Aqrar Sığorta Fondu “Kənd təsərrüfatı bitkilərinin sığortalanması” mövzularında fermerlərə təlimlər keçirib.
Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənib. Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilib.