Ağdam rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri polietilen örtük altında becərilmiş xiyarın yığımına başlayıblar.
Eləcə də bax: Bu rayonda yetişdirilən çiyələk xarici bazarlara - İxrac Edilir
FED.az xəbər verir ki, Ağdam rayonunda xiyar becərilməsi ilə əsasən İmamqulubəyli kəndinin əhalisi məşğuldur. Bu kənddə demək olar ki, təsərrüfatların əksəriyyətində xiyar bitkisi becərilir. İstehsalçılar may ayının əvvəlindən başlayaraq becərdikləri məhsulun satışını həyata keçirirlər. Hazırda bir kiloqram xiyarın qiyməti sahədə 70-80 qəpiyə təklif edilir.
İmamqulubəyli kənd sakini Fariz Quliyev uzun illərdir həyətyanı sahəsində xiyar bitkisi becərir. O, bu il 30 sot sahədə 4500 ədəd xiyar şitili əkdiyini və bir həftədir məhsul yığımına başladığını deyib: “Xiyar toxumları fevral ayında əkilir, mart ayının 15-dən sonra şitillər açıq sahəyə köçürülür. Soyuq vurmasın deyə şitillərin üzəri may ayına kimi polietilen örtüklə örtülür. Bitkinin becərilməsi zamanı mineral gübrələrdən daha çox, peyinə üstünlük verilir. Məhsul yığımı isə may ayının 15-dən başlayır".
Sahələrdən may-iyun ayları ərzində orta hesabla 30 dəfə məhsul yığıldığını deyən fermer təsərrüfatından mövsüm ərzində 20 tondan çox məhsul götürəcəyini söyləyib. (Azərtac)