Balakən rayonunda oktyabrın 29-da keçiriləcək IV Xurma festivalına son hazırlıq işləri görülür.
Azərbaycan xurmanı ən çox hansı ölkəyə və neçəyə satır? - SİYAHI
FED.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin və “Balkhoorma” şirkətinin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar, müxtəlif kompozisiyalar nümayiş olunacaq.
Tədbirlərin keçiriləcəyi məkanlar artıq hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində festivalla bağlı reklam lövhələri qoyulub. Festivalın təntənəli açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında reallaşacaq.
Festivala dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzəcəklər. Sonra “Balxurma” MMC-yə ekskursiya təşkil olunacaq və ərazidə xurma ağacları əkiləcək.
Festivalın rəsmi açılış mərasimindən sonra qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgiləri, həmçinin xurma tinglərinin və xurma məhsullarının satışı yarmarkası ilə tanış olacaqlar.
IV Xurma festivalı konsert proqramı ilə başa çatacaq. (Azərtac)