Saatlı rayonunda salınan intensiv “Göycə” alçası bağında məhsul yığımı davam edir. Belə bağın Mil-Muğan bölgəsində salınması bir ilkdir. Bağın məhsulu daxili bazarla yanaşı, xaricə də satılır. Bu günə kimi bağdan 50 tona yaxın məhsul toplanılıb ki, onun da 20 tonu ixrac edilib.
FED.az xəbər verir ki, intensiv alça bağı Saatlının Qaralar kəndi ərazisində yerləşir və 14 hektar sahəni əhatə edir. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, 2019-cu ildə salınan bağda ilk dörd il yalnız aqrotexniki qulluq işləri görülüb: "Bu bağda 11 min ədəd “Naxçıvan göycə”si ağacı əkilib. Əkin aparılan zaman cərgə və ara məsafələri nəzərə alınıb. İlk 4 ildə budama-becərmə işləri görülüb və ağaclara lazımi aqrotexniki qulluq göstərilib. Ağaclardan ötən ildən kütləvi şəkildə məhsul götürülüb. Bağın əsas hissəsini göycə sortundan olan ağaclar təşkil etsə də, tozlanma üçün digər sort ağaclar da əkilib".
Bağın salınmasında dövlət dəstəyi də mühüm rol oynayıb. Həbib Əhmədovun sözlərinə görə, bağın salınmasında, müasir damcı suvarma sisteminin çəkilməsində edilən güzəştlər, eyni zamanda, dövlət tərəfindən verilən subsidiya təsərrüfatın yaradılmasına önəmli dəstək olub.
İlk məhsul ilində bağdan 40 tona yaxın məhsul toplanılıb. Bu il isə 70-80 ton məhsul yığılması gözlənilir. Məhsul həm daxili bazara, həm də xaricə satılır. (Azərtac)