Saatlı rayonunun Qara Nuru kəndində bir neçə canavar xırdabuynuzlu heyvan təsərrüfatına hücum edib. Nəticədə 14 baş heyvan tələf olub, daha 8 baş isə yaralı vəziyyətə düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı «Azərtac»a istinadən xəbər verir ki, hadisə səhər saat saatlarında kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfatda qeydə alınıb. O, səhər vaxtı təsərrüfatda heyvanların yaralı və ölü vəziyyətdə olduğunu görüb.
“Yaxınlaşıb baxanda qoyun-quzu qan içində idi. Heyvanları sayarkən 3 baş qoyunun yerində olmadığını, 11 baş heyvanın ölü vəziyyətdə olduğunu, 8 baş isə yaralı qoyun olduğunu gördüm. Mənim təsərrüfatımda ilk dəfədir belə hadisə baş verir. Lakin əvvəlki illərdə kəndimizdə digər təsərrüfatlarda oxşar hadisələr olub. Ötən il qonşu təsərrüfatda canavarlar 7 baş heyvan aparmışdı. Hadisədən məlum olur ki, bu canavar tək gəlmir və sayları çoxdur. Sakinlərdən də kəndin yaxınlığında dəfələrlə canavarlar görən ölüb. Artıq bu vəziyyət təhlükəli hal alıb”.
Hadisədən sonra təsərrüfat sahibi kənd baytar həkiminə müraciət edib, ərazidə dezinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.
Qeyd edək ki, canavarların hücum etdiyi təsərrüfatın sığortası olmayıb. Halbuki Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını, o cümlədən iribuynuzlu mar-qaranı və xırdabuynuzlu heyvanları – qoyun və keçiləri sığorta etmək olar.
Sığorta haqqı heyvanın qiymətinin 6,1-9,5%-i arasında dəyişir. Hesablanmış sığorta haqqının 50%-ni isə dövlət ödəyir. Nəticədə məsələn 200 manatlıq qoyunun sığorta haqqı 12-19 manat arasında dəyişirsə, fermer cəmi 6-9 manat ödəməklə heyvanını sığorta edə bilər. Qiyməti 300 manat olan heyvanların sığortalanması isə fermerlərə cəmi 9-14 manata başa gələcək.
Bu məbləğ müqabilində aqrar sığota kənd təsərrüfatı heyvanlarını yoluxucu xəstəliklərdən, ilan və ya həşərat sancmasından, zəhərli ot və yemlərdən zəhərlənmədən, kimyəvi maddələrin təsirindən zəhərlənmədən, təbii fəlakətlərdən (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğından, vəhşi heyvanların hücumundan, üçüncü şəxslərin hərəkətlərindən, eləcə də oğurluq, soyğunçuluq və quldurluq nəticəsində dəymiş zərərlərdən qoruyur. Kənd təsərrüfatı heyvanlarının sığortalanması şərtləri və sığorta haqları ilə Aqrar Sığorta Fondunun internet səhifəsindəki «Heyvandarlıq kalkulyatoru» vasitəsilə məlumat almaq olar.