Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan əriklərinin idxalı qadağan edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxoznadzor) Ural Regionlararası İdarəsi məlumat yayıb.
Məlumağtda deyilir ki, Azərbaycandan Yekaterinburqa gətirilən 19 ton ərikdə təhlükəli bitki xəstəliyi aşkar edilib.
«İdxal olunan meyvə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxoznadzor) mütəxəssisləri tərəfindən yoxlanılıb və qəhvəyi çürümə ilə yoluxduğu aşkar edilib. Xəstəlik Ümumrusiya Heyvandarlıq Tədqiqat İnstitutunun Yekaterinburq filialının mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinələri ilə təsdiqlənib. Bu səbəbdən həmin əriyin idxalı qadağan edilib, əks halda, infeksiyanın yayılmasına səbəb ola bilərdi»-deyə məlumatda bildirilir.
Rusiya mənbələri bildirir ki, bu xəstəlik əsasən Rosaceae ailəsinə aid kol və ağacları təsir edir. Meyvələr qalın kif təbəqəsi ilə örtülür. EAN nəşrinə görə, belə meyvələrin yeyilməsi qida zəhərlənməsinə səbəb ola bilər.














