Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri bu həftə ərzində Azərbaycana səfər edəcəklər.
"Interfax" agentliyi xəbər verir ki, qurumun nümayəndələri Azərbaycanda pomidorların becərilməsi və saxlanılması prosesini izləməyi planlaşdırır.
"2017-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun həcminin artması ilə əlaqədar dekabrın 18-dən 21-dək Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri qonşu ölkəyə səfər edərək bu məhsulun becərilməsi və saxlanması prosesi ilə yaxından tanış olacaqlar", - deyə qurumun yaydığı məlumatda bildirib.
Qeyd edək ki, pomidor Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft məhsuludur. 2017-ci ilin 11 ayı ərzində Azərbaycanda 140.2 milyon dollarlıq pomidor ixrac olunub.
Rusiya tez-tez bildirir ki, Türkiyə Azərbaycan vasitəsilə pomidor ixrac edir.