Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rossaelxoznadzor”) Dağıstan üzrə İdarəsinin mütəxəssisləri Azərbaycandan gətirilən 83 ton meyvə-tərəvəz məhsullarını RF ərazisinə buraxmayıb.
«Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mütəxəssisləri RF dövlət sərhədinin Dağıstan sahəsində karantin fitosanitar nəzarəti zamanı keyfiyyəti təsdiqlənməmiş və lazımi sənədlər paketi olmayan meyvə-tərəvəz məhsullarının ölkəyə qanunsuz yolla gətirilməsi ilə bağlı 4 cəhdin qarşısını alıblar», - deyə məlumatda qeyd olunur.
Qadağan edilən məhsullar arasında təzə soğan, tütün xammalı və alma da olub. Bu məhsullar karantin tətbiq edilən zərərli orqanizmlərə yoluxub.
Məlumatda bildirilir ki, “Bitkilərin karantini haqqında” Federal Qanunun pozulmasına görə mal partiyalarının sahibləri inzibati məsuliyyətə cəlb olunublar.
Bitkiçilik məhsullarının Azərbaycana qaytarılması qərara alınıb.