Yevlax Pilot Aqroparkda 34 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az-a bildirilib ki, hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Rezidentlər tərəfindən bu günədək aqroparka 59 milyon manatdan çox investisiya yatırılıb, 200-dək daimi, 600-dək mövsümi iş yeri yaradılıb.
Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur.
Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparkda rezidentlər dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Ümumi sahəsi 2807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan aqroparkda səmərəliliyin artırılması üçün “ağıllı” idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub.














