Laçın yaylaqlarına bu il 808 arıçılıq təsərrüfatı daxilində 42 min 706 arı ailəsi gətirilib. Laçınlı arıçılar artıq bal süzümünə başlayıblar.
"25-30 kiloqramdan çox istehsal etdikləri halda, indi dəfələrlə azdır, qiymət artımı olacaq" - FOTOLAR
FED.az xəbər verir ki, bölgə müxbirimiz Laçın rayonunun Mirik və Qozlu kəndləri ərazisinə gedərək, arıçılarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.
Artıq ikinci ildir ki, təsərrüfatını doğma yaylaqlarına aparan Mirik kənd sakini Marks Vəliyev 30 ildən sonra doğma torpağa qovuşmağı ən böyük xoşbəxtlik hesab edir: “Allah bizə nəsib edib, yenidən öz Vətənimizə, doğma torpağımıza gəlmişik. Ən böyük arzumuza çatmışıq”.
Laçınlı arıçı bildirib ki, yağıntılar səbəbindən bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir: “İkinci ildir, təsərrüfatımızı doğma Laçınımıza gətirmişik. Keçən il də gəlmişdik, yaxşı məhsulla qayıtdıq. Bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir. Artıq bal süzümünə başlamışıq. İki ildir Laçın məhsulu götürürük. Özümüz istirahət edir, dağ çiçəkləri yığırıq, arılar isə keyfiyyətli məhsul toplayır. Bu il bir az bal süzümü gecikib. Amma məhsul var. Sentyabrın 20-dək burada qalmaq fikrindəyik”. (Azərtac)