Son günlər havaların yağıntılı keçməsi Biləsuvar rayonunda pambıq yığımına mənfi təsir göstərib.
Azərbaycanın pambıq lifindən əldə etdiyi - GƏLİR AZALIB
FED.az xəbər verir ki, bu barədə bir qrup fermer məlumat verib.
Onlar həmçinin bu cür hava şəraitinin davam edəcəyi təqdirdə məhsuldarlığın xeyli aşağı düşəcəyi və zərərlə üzləşəcəklərini söyləyiblər.
Fermerlər bildirib ki, yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparıblar. Amma buna baxmayaraq, havaların yağıntılı keçməsi tarlalarda pambıq yığımının gecikməsinə gətirib çıxarıb.
Bundan əlavə, yağıntılı hava şəraiti pambıq tarlalarında texnikaların da hərəkətini çətinləşdirib. Fermerlər bildirib ki, məhsulların əl ilə yığımına üstünlük verilsə də, güclü yağış səbəbindən bu da mümkün olmur.
Məsələ ilə bağlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, son günlər yağan yağış müəyyən qədər də olsa, pambıq yığımını ləngidib. Amma buna baxmayaraq bu günə qədər 11 461 ton pambıq toplanıb.
Qeyd edək ki, Biləsuvar rayonunda pambıq əkilmiş sahələrdən məhsul yığımına sentyabr ayından başlanılıb. Bu il rayonda 7459 hektar sahədə pambıq əkini aparılıb. Hər hektardan isə 30 sentnerə yaxın pambıq yığılması planlaşdırılır. (Report)