Xaçmazda fındığın satış qiymətində artım müşahidə olunur.
Azərbaycanın xaricə satdığı meşə fındığı - 203 DOLLAR BAHALAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, ötən ilin oktyabr-dekabr ayları ilə müqayisədə məhsulun qiymətində 10-15 faiz artım var.
Bir ay əvvəl fındığın bir kiloqramı 4,5 manata satılırdı. Hazırda isə qiymət 5 – 5,3 manat arasında dəyişir. Daha keyfiyyətli, ləpə çıxımı yüksək olan məhsul baha alınır.
Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisəsi məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Hazırda Xaçmazda təsərrüfatçılar qiymətin ötən illə müqayisədə daha sərfəli olduğunu bildirirlər. Ötən il bu vaxtı fındıq 3,5 manata alınırdı.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.
Xaçmazda fındıq yığımı sentyabr ayında tam başa çatır. Təsərrüfatçılar cari mövsümdə rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.
Rayondakı fındıq bağlarının ümumi sahəsi 12 min hektara yaxındır. Bu bağların 10 min hektarı barverəndir. (Azərtac)