2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac ediblər.
FED.az xəbər verir ki, bunu 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimi zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
Onun sözlərinə görə, tərəvəz və meyvələrin emal məhsulları üzrə 8,7 milyon dollar dəyərində xarici ölkələrə satış qeydə alınıb. 14 milyon manata yaxın alkoqollu və alkoqolsuz içkilər, statistik dəyəri 40 milyon manat olan pambıq lifi ixrac olunub.
"Əminəm ki, “Caspian Agro” və “Interfud Azərbaycan” bu il də qida sənayesi mütəxəssisləri, ixrac imkanları üçün yeniliklərlə zəngin, faydalı bir platforma olacaq. Bu sahədə yeni texnologiyaların tətbiqi, əməkdaşlıqların qurulması, xarici mütəxəssislərlə təcrübə mübadiləsi imkanlarını daha yüksək mərhələyə qaldıracaq", - Məmməd Musayev qeyd edib. (Apa)