Kürdəmir rayonunun Pirili massivində 2000 ha sahədə “Qlobal-Aqro” MMC tərəfindən aqropark yaradılır.
FED.az xəbər verir ki, Kürdəmir Rayon icra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, aqroparkda dənli bitkilərin saxlanılması üçün 18,9 min tonluq saxlama anbarı, ofis və laboratoriya binaları, 80 tonluq elektron tərəzi, illik istehsal gücü 15 min ton olan çeşidləmə, dərmanlama və qablaşdırma sahəsi, texnika üçün talvar, qurutma avadanlıqları inşa olunmuşdur. Bundan əlavə aqroparkda yem və yağ emalı zavodlarının tikintisi nəzərdə tutulmuşdur.
Eləcə də bax: Azərbaycanda 5 yeni aqropark yaradılır – NAZİR AÇIQLADI
Aqroparkda zəruri infrastruktur yaradılmış, 1 km məsafədən işıq xətti çəkilmiş, 1000 kvt-luq transformator quraşdırılmış, 1,5 km-dən qaz xətti çəkilmiş, yolu asfaltlanmışdır.
Aqroparkın texniki təchizatını təmin etmək üçün 26 ədəd yeni texnika alınmış, 28 ədəd sifariş olunmuşdur.
Bu il aqroparkda 200 hektar sahədə buğda, 900 hektar sahədə arpa, 30 hektar sahədə bostan əkilmişdir. Düzgün aparılmış aqrotexniki qulluğun nəticəsində yüksək məhsuldarlıq əldə edilmişdir.
Aqroparkda suvarmada yeri dəyişdirilə bilən “pivot” suvarma sistemindən istifadə olunur.
Aqroparkda son tamamlanma işləri görülür və ərazidə abadlıq işləri aparılır. Hazırda aqroparkda 60 nəfər işləyir, aqropark tam gücü ilə işlədikdən sonra 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur.
Marja