Qəbələ rayonunda əhali tərəfindən yeni fındıq bağlarının salınmasına böyük maraq göstərilir. Artıq bir ildir ki, rayonda kənd təsərrüfatının ixrac potensialı yüksək olan fındıqçılıq sahəsinin inkişaf etdirilməsi üçün yeni bağlar salınır. Plana uyğun olaraq, rayonda 2 min hektar sahədə yeni fındıq bağının salınması nəzərdə tutulub.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, son iki ay ərzində Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrində fındıq tingləri əkiblər. Ümumilikdə, rayonda yaz aylarında 120 hektar, son bir ildə isə 1337 hektar sahədə yeni fındıq bağı salınıb.
Bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 20-ə yaxın kəndində əhali arasında geniş maarifləndirmə tədbirləri görülməklə yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri də həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ildə Qəbələdə mövcud olan 4678 hektar fındıq bağından 9 min 800 ton məhsul yığılıb. Rayonda fındıq emalı zavodunun fəaliyyət göstərməsi kəndlilərin ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.