Bir neçə gündür ki, Cəlilabadda çiyələk yığımına start verilib. Xüsusi karantin rejimi dövründə izolyasiya tədbirlərinə riayət edən təsərrüfat sahiblərinin toplanılan məhsulu yerli bazarla yanaşı, xaricə də çıxarmaq imkanları var.
Eləcə də bax: "Parnik"lərdə bol məhsul yetişib - POMİDOR 1 MANAT
FED.az xəbər verir ki, bu il havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Fermerlərin sözlərinə görə, əvvəllər becərilən çiyələyin dadı bəyənilmədiyindən 5-6 ildir ki, xaricdən yeni sortlar gətirərək əkirlər. Yeni sortlar bu torpaqlarda normal məhsul verir. Bu sahə gəlirli və rentabelli olduğundan istixanalarda demək olar ki, ilin bütün fəsillərində, açıq sahələrdə isə 9 ay işçi qüvvəsinə tələbat olur. Mövcud karantin rejimi ilə əlaqədar istehsalçılar məhsulun becərmə və yığım proseslərində izolyasiya qaydalarına tam riayət edirlər.
Fermer Mirismayıl Quliyev deyir ki, çiyələk şitillərini İspaniya, İtaliya və Türkiyədən gətirib. Məhsulu isə yerli bazarla yanaşı, Qazaxıstana və Rusiyaya ixrac edir. Yaxın gələcəkdə isə ərəb ölkələrinə də çiyələk göndəriləcək. Artıq bununla əlaqədar razılıqlar da alınıb. Bütün işlər həll olunandan sonra yaxın aylarda ərəb ölkələrinə də məhsul göndərilə biləcək.
Digər fermer Xanlar Mirzəyev isə bildirib ki, hazırda bazarlarda çiyələk 3 manat 50 qəpik - 4 manat civarındadır. Bu da onları qane edir. Məhsuldarlıq da yaxşıdır. Keçən ilə nisbətən sahələrdə çiyələk daha çoxdur.
İntensiv texnologiya əsasında becərilən, xaricdən gətirilən sortlarda orta məhsuldarlıq 300 sentner, bəzən bir qədər də çox, yəni 40 tona qədər məhsul götürülməsinə imkan verir. Orta məhsuldarlığın bu il hədəf olaraq 200 sentner götürülməsi planlaşdırılıb.
Qeyd edək ki, rayon ərazisində fermerlər 500 hektara yaxın sahədə çiyələk əkiblər. Bu sahələrin əlavə olaraq 40-50 hektar artırılması nəzərdə tutulur.
Azərtac