Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində olduğu kim qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
FED.az xəbər verir ki, aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Qarpız təsərrüfat sahələrinin sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.
Belə ki, ölkəmizdə qarpız istehsalının 32.9%-i Sabirabad, 16.7%-i Saatlı, 9.9%-i Bərdə, 7.0%-i Kürdəmir, 6.4%-i Naxçıvan Muxtar Respublikası, 3.4%-i Salyan, 2.4%-i Zaqatala, 2.2%-i Ağcabədi, 2.0%-i Neftçala rayonunun payına düşüb.
Cari ildə qarpızın məhsuldarlığı geridə qoyduğumuz ilə nisbətən 7.4% artaraq 247.7 sent/ha olub.
Qarpızın əsas istehsalçı rayonları olan Neftçala, Sabirabad, Saatlı və Bərdə rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksəkdir. Belə ki, məhsuldarlıq göstəriciləri Neftçalada-486.6 sent/ha, Sabirabadda-354.3 sent/ha, Saatlıda-338.9 sent/ha, Bərdədə-301.1 sent/ha, Ağcabədidə-237 sent/ha civarında qərarlaşıb.
Relyef və iqlim baxımından da bu bostan bitkisinin yetişdirilməsində biznes baxımından böyük imkanlar və fürsətlər daim vardır. Belə ki, daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı həmçinin böyük ixrac potensialı da mövcuddur.
2020-ci ildə Azərbaycandan qarpız ixracı 2019-cu ilə nisbətən 1.2 dəfə artaraq 4.2 min ton olub. Ölkədən ixrac olunan qarpızın 66.6%-i Rusiyanın, 28.2%-i Ukraynanın, 5.2%-i isə digər ölkələrin payına düşüb.
Qarpız təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2.17%-5.12% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 2.26% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Məhsuldarlığı 200 sentner, 1 sentnerin qiyməti 20 manat, yəni ümumilikdə 2 000 manatlıq məhsul gözləniən qarpız sahəsinin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 43,4-102,4 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 21,7-51,2 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 1 800 manatadək sığorta ödənişi edilə bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.