Qazax rayonunda son illərdə bostan bitkilərinə, xüsusən də qarpız əkininə maraq artıb. Bu gəlirli kənd təsərrüfatı bitkisinin Kürətrafı ərazilərdə, o cümlədən digər torpaq sahələrində əkini aparılıb. Hazırda qarpızın yığımı yekunlaşır.
FED.az xəbər verir ki, bu il Qazaxda 37 hektar sahədə bostan bitkiləri əkilib. Bu günə qədər sahələrdən 758,5 ton məhsul toplanıb. Qarpız adətən bu bölgədə kütləvi əkilməsə də, təsərrüfat sahiblərinin son illər bu sahəyə marağı artıb. Bostan sahələrində bir hektardan 60-70 tona qədər məhsul toplanır. Məhsulun satış qiymətləri də normaldır.
Yeddi ildir bostanda qarpız əkən təsərrüfat sahibi Rza Vəliyev deyir ki, bu il əkdiyi üç hektar qarpız sahəsində məhsuldarlıq yaxşı olub: “Qarpız təsərrüfatı elə də çətin təsərrüfat deyil, çox zəhmət də tələb etmir. Qarpızın toxumunu xaricdən alırıq. Bu il sahədən bol məhsul yığırıq”.
Digər təsərrüfat sahibi Tağı Dünyamalıyev də bu il məhsuldarlığın yüksək olduğunu deyir. “Qarpız əkənlər çoxalıb. Ona görə də bəzən qiymətlər aşağı olur. Gün ərzində bir ton, ton yarım məhsul satırıq”, – deyə T.Dünyamalıyev qeyd edib.
Məhsulun satışında qiymətlərin aşağı düşməsi təbiidir. Artıq qarpız mövsümü sona çatmaq üzrədir. Yeni mövsüm başlayanda qarpızın bir kiloqramı 40-45 qəpiyə satılırdı. Bostan sahiblərinin bir çoxu isə məhsulunu bazarlarda deyil, bostana yaxın olan magistral yolların kənarında satmağa üstünlük verirlər.
Bu il iqlimlə əlaqədar qarşılaşdıqları çətinliyə baxmayaraq, bostan sahibləri növbəti il üçün də qarpız sahələrini bir qədər genişləndirməyi düşünürlər. Məqsəd həm də yerli bazarlarda yerli qarpızların üstünlük təşkil etməsidir. (Azərtac)