Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ildə təxminən 1 500 ton bal istehsal olunur.
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, bu il işğaldan azad edilmiş ərazilərə 200 000-dən çox arı ailəsinin köçürülməsi gözlənilir.
Bundan başqa, Assosiasiya sədri qeyd edib ki, hazırda daxili bazarda yerli balın payı 80 % təşkil edir: "Qalan pay qiyməti nisbətən ucuz olan və bu baxımdan yerli istehsal üçün ciddi rəqib sayılan idxal balına məxsusdur. Bəzən isə xaricdən gətirilən bal siropu bazarda bal adı ilə satışa çıxarılır. Ümumilikdə yerli fermerlərin satışla bağlı çətinlikləri var. Azərbaycan xaricdən bal almaqla yanaşı həm də bu məhsulu az miqdarda körfəz ölkələrinə ixrac edir. İxrac həcminin artması üçün məhsulumuzun tanıdılmasına ehtiyac var. Bizim balımız adi bal deyil, "premium" kateqoriyalı məhsul kimi yüksək qiymətə satıla bilər".
Assosiasiya sədri arıçıları narahat edən məqamları da diqqətə çatdırıb: "Hazırda əsas problemlərimiz arı xəstəlikləri, ölkədə arıçılıq üzrə mütəxəssis və ixtisaslaşdırılmış arı xəstəlikləri laboratoriyasının olmamasıdır. Bundan əlavə, Özbəkistandan gətirilən arı ailələrinin gələcəkdə xəstəlik yaymaq riski var".
2025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatdakı 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.
İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.
2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 %, bal istehsalı 7,9 %, mum istehsalı 6,9 %, vərəmum istehsalı 12,2 %, güləm istehsalı 11,2 % azalıb, arı südü istehsalı isə 6,2 % artıb. (Report)













