Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahələrdə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdırlar.
Subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklər edildi - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, arpa və buğda üzrə azad edilmiş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara görə 400 manat, həmin ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərdə isə 140 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
“Digər ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərin hər hektarına 290 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərə 230 manat veriləcək. Həmçinin qarğıdalı üzrə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara 290 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərə hər hektara 230 manat, çəltik üzrə əsas əkinlərə isə hər hektara 380 manat ödənilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib. (Azərtac)