Azərbaycanın pambıqçılıq sektorunda aparıcı şirkəti olan GP Cotton Holdings-in nəzdindəki Prime Cotton iyulun 30-da Yevlaxda, 31-də isə Beyləqanda fermerlər və aqronomlarla görüş keçirib. Tədbirlərin əsas məqsədi sahə təcrübəsinə əsaslanan bilik mübadiləsi aparmaq, zərərvericilərlə mübarizə və bitkilərin qidalandırılması barədə müasir yanaşmaları paylaşmaq, həmçinin şirkətin tətbiq etdiyi innovativ texnoloji həlləri tanıtmaq olub.
FED.az xəbər verir ki, Yevlax görüşündə Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Yevlax rayonlarından ümumilikdə 20 nəfər – hər rayondan bir aqronom və üç fermer iştirak edib. Beyləqandakı tədbirə isə Biləsuvar, Saatlı, Neftçala, Beyləqan və Salyan rayonlarının nümayəndələri eyni formatda qatılıb.
Hər iki tədbirdə Prime Cotton-un texniki komandası sahə şəraitində uğurla tətbiq olunan yeni texnologiyalar barədə ətraflı məlumat verib, fermerlər müxtəlif mövzularda praktiki biliklərlə tanış olublar.
Bu görüşlərin ümumi məqsədi fermerlərlə dayanıqlı əməkdaşlıq modelini gücləndirmək, elmi-praktik bilikləri sahəyə daşımaq və yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaqdır. Praktik maarifləndirmə sayəsində fermerlər daha səmərəli, keyfiyyətli və ekoloji dayanıqlı istehsala keçid edə bilirlər.
Prime Cotton şirkətinin Aqronomiya İdarəetməsi Şöbəsinin rəisi Xalid Zeynallı görüşlərlə bağlı deyib:
“İsti hava şəraitinə baxmayaraq, tədbir iştirakçıları yüksək fəallıq göstərərək, yeni bilikləri böyük həvəslə qavradılar. Ümid edirəm ki, paylaşdığımız məlumatlar tezliklə fermerlərin fəaliyyətində effektini göstərəcək və sahələrdə məhsuldarlığın və eyni zamanda keyfiyyətin artmasına səbəb olacaq.”
Tədbirin sonunda iştirakçılar Prime Cotton-un bu cür təşəbbüslərinin yerli kənd təsərrüfatında savadlı və dayanıqlı istehsalın qurulmasına töhfə verdiyini vurğulayaraq, minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirləri fəaliyyət göstərdiyin bütün pambıqçılıq rayonlarını əhatə edəcək şəkildə mərhələli şəkildə həyata keçirməyi planlaşdırır. Məqsəd – pambıqçılığın inkişafına yönəlmiş bilik və təcrübə paylaşımını sistemli və davamlı əsasda təşkil etməkdir.