Azərbaycanda əkin sahələrinin suvarılması üçün su bölgüsündə ədalət prinsipi pozulur.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev su təminatı ilə bağlı müşavirədə bildirib.
«Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur. Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır»-deyə prezident bildirib.
İlham Əliyev bildirib ki, belə halların qarşısını almaq üçün əkin sahələrinin suvarılmasında qrafiklərin tətbiqinə başlanılıb:
«Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar».