Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə aparılan əkin işləri və bu ərazilərin kənd təsərrüfatı üçün istifadəsi imkanları barədə danışıb.
FED.az xəbər verir ki, AzTV-yə müsahibəsində dövlət başçısı bildirib ki, işğaldan azad edilən torpaqlarda kənd təsərrüfatı üçün yaxşı imkanlar var və xüsusilə indi – dünyada ərzaq böhranı yaşandığı vaxtda bu imkanlardan istifadə etmək lazımdır:
Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi - TAM MƏTN
«Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir».
Prezident bildirib ki, torpaqlar azad edilən kimi burada əkin işlərinə başlanıb: «Torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir».
Bununla yanaşı, ilk ilk torpaqların məhsuldarlığı çox aşağı olub: «Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq».
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda taxılçılıq üçün azı 100 min hektar torpaq ayrılmalıdır. Bir şərtlə ki, burada müasir aqrotexniki işlər aparılsın və suvarma məsələləri düzgün həll edilsin:
«Əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur».