Xaçmazın pomidor sahələrindən 30 min tona yaxın məhsul yığılıb.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, avqust ayının əvvəlinə olan məlumata görə, təsərrüfatçılar hər hektardan 27 ton məhsul toplayıblar.
FED.az xəbər verir ki, hazırda pomidor sahələrində yığım davam edir. Xaçmazdakı sahələrdə becərilən pomidor kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılandan sonra qiymət ucuzlaşıb. İyul ayında pomidorun kiloqramı bir manatdan baha satılırdısa, indi topdansatış qiymət 25-35 qəpik arasında dəyişir.
Havalar qeyri-sabit keçdiyinə görə bu il şitillər sahələrə gec köçürülüb. Bununla əlaqədar Xaçmazda pomidorun yetişməsi də ötən illərlə müqayisədə gecikib. Lakin pomidor sahələrində məhsul boldur. Təsərrüfat sahibləri bunun səbəbini suvarmada yaşanan problemlərin həlli və sahələrə vaxtında edilən aqrotexniki qulluqda görürlər.
Rayonda daha çox pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” növləri becərilir. Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var.
Ötən il Xaçmazda 2058 hektar pomidor sahəsindən 57 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2130 hektar sahədə pomidor əkiblər.