İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayı təqdim olunub. Mərkəzdən FED.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 19,3 faiz artıb.
Bu dövrdə Rusiyaya 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci ilin ilk 4 ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin (35 milyon ABŞ dolları) ilk 3 yer tutub.
Ümumiyyətlə isə yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 4 ayı ərzində elektrik enerjisinin ixracı 2,9 dəfə, pambıq ipliyi ixracı 37,4 faiz, kimya sənayesi məhsullarının ixracı 27,4 faiz, meyvə-tərəvəzin ixracı 27,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,6 faiz, çayın ixracı 12,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,3 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 128,9 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (36,7 milyon ABŞ dolları), Türkiyə (29,6 milyon ABŞ dolları), Gürcüstan (20,6 milyon ABŞ dolları), İsveçrə (5,8 milyon ABŞ dolları) və Çin (4 milyon ABŞ dolları) qərarlaşıb.
2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (18,5 milyon ABŞ dolları), elektrik enerjisi (13,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,8 milyon ABŞ dolları) isə üçüncü olub.
Pomidor əkənlər pullarını saya bilmirlər - RƏQƏMLƏR
14:38
31 May 2018