Qida Təhlükəsizliyi Agentliyi pomidor, alma, xurma, nar və göyərti məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
FED.az xəbər verir ki, agentliyin sədr müavini Rəşad Mafusovun iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarına qoyulan ixrac tələbləri, həyata keçirilən fitosanitar nəzarət tədbirləri, eyni zamanda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar və əldə olunan nəticələr barədə sahibkarlara məlumat verilib.
Agentlikdən verilən məlumata görə, iclasda sahibkarlara bildirilib ki, istehsal olunan bitkiçilik məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması daim diqqət mərkəzində olmalıdır.
Eyni zamanda bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə üçün yeni metodların tətbiqinin əhəmiyyəti və bu sahədə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkara xatırladılıb.