İyunun 15-16-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada fermerlər müxtəlif bölgələrdən 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Yarmarka 2 gün müddətində saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında məhsulunu satmaq istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.