Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Kənddən şəhərə” həftəsonu yarmarkası paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanında fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, bu gün və sabah davam edəcək yarmarkada 20 regiondan 50-dən çox fermer 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.
Fevral ayının sonuna qədər hər həftənin şənbə və bazar günləri davam edəcək yarmarkada fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar, iştirak üçün heç bir əlavə ödəniş tələb edilmir.
Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.
Qeyd edək ki, satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Yarmarka keçirildiyi müddətdə Səyyar Qida Laboratoriyası xidmət göstərir və məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar həmin xidmətdən faydalana bilərlər.