Azərbaycanın kənd təsərrüfatı torpaqlarında pambıq əkini ilə bağlı ötənilki ajiotaj səngiyib. FED.az-ın müxtəlif bölgələrdən əldə etdiyi məlumata görə, ötən il torpaq sahələrinin əksəriyyətində pambığın əkilməsi ilə bağlı göstərişlər verən yerli icra hakimiyyəti orqanları bu il həmin məsələdə təkid etmirlər. Nəticədə fermerlər və torpaq sahiblərinin bir hissəsi bu il pambıq əkməyib.
İcra hakimiyyətlərinin pambıq əkini məsələsində ötənilki kimi təkid etmədiyini FED.az-a Tərtəndən olan tanınmış fermer Habil İbrahimov da təsdiqləyib.
Onun sözlərinə görə, pambıqla bağlı ötənilki şərtlər olmadığına görə fermerlərin bir hissəsi pambıq deyil, başqa məhsullara – yonca, günəbaxan və sairin əkilməsinə üstünlük verib.
Eləcə də bax: “Fermerlər aldanmasın, texnikani istənilən şirkətdən ala bilərlər” – AGENTLİK SƏDRİ
Bununla yanaşı, fermerin özü pambıq alan sifarişçilərinin olması, və ümumiyyətdə daha sərfəli olması səbəbindən bu il də ötənilki qədər pambıq əkib. H.İbrahimov bildirib ki, bu il də ötənilki qədər – 50 hektar sahədə pambıq əkib: «Onsuz da növbəli əkin sisteminə görə, pambıq əkməliydim, və elə bu səbəbdən gələn il də əkəcəyik».
Ümumiyyətlə fermerin sözlərinə görə, bir hektardan 4 tondan artıq pambıq götürən fermer üçün pambıq əkmək əslində sərfərilidir, çünki pambıq üçün gübrə və subsidiya dövlət tərəfindən verilir: «Pambıq əkmək başqa bitkilərlə müqayisədə daha sərfəlidir, məsələn bir hektardan 700 manata qədər xərci dövlət özü çəkir. Başqa məhsullarda belə üstünlük yoxdur».
Amma bəzi fermerlər pambıqdan imtina edib başqa məşsulara, o cümlədən günəbaxan tumu əkməyə başlayıblar. H.İbrahimov bildirir ki, bunun səbəbi pambığın alış qiyməti ilə yanaşı, həm də suya tələbatdır: «Pambıqda suya tələbat böyükdür. Bütün il boyu su istəyir, günəbaxanda isə suya tələbat dövrü azdır».
Maraqlıdır ki, fermerin sözlərinə görə, pambıq emalı zavodları da artıq əvvəlki kimi hamıdan pambıq almağa meylli deyillər: «Onlar daha çox iri sahəsi olan fermerlərlə müqavilə bağlayır və sonradan gələnlərə pambığa əlavə ehtiyclarının olmadığını bildirirlər».