Azərbaycanda dövlət dəstəkli aqrar sığorta modelinin uğurlu tətbiqi və təsərrüfatların risklərini səmərəli şəkildə qarşılaması digər ölkələrin də diqqətini cəlb edir. Kənd təsərrüfatı məhsulların istehsalı üzrə böyük potensialı ilə seçilən Özbəkistan müasir aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək.
Özbəkistan Azərbaycanın aqrar sığorta modelinə keçir
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, bununla bağlı qarşıdakı tədbirləri və atılacaq addımları müzakirə etmək məqsədilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsi Botir Usmanaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 12-dən 16-dək Azərbaycanda səfərdə olub.
Nümayəndə heyətinin tərkibində İqtisadiyyat və Maliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan Prezident Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi, Elektron Hökumətin nümayəndələri təmsil olunub. Bakı səfərində Özbəkistan nümayəndə heyəti Azərbaycanda aqrar sığorta mexanizmi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Aqrar Sığorta Fondunda görüşlər keçirib.
Eyni zamanda, nümayəndə heyətinin üzvləri Azərbaycanda aqrar sığorta sisteminin üzvü olan vasitəçi şirkətlər, eləcə də müstəqil aqrar sığorta ekspertləri ilə görüşlər keçirib, müzakirələr aparıblar.
Bakıda keçirilən görüşlərdə kənd təsərrüfatı risklərinin sığortası ilə bağlı qüvvədə olan qanun və qaydalar, qanunvericilik bazası, onların xüsusiyyətləri və ölkənin sığorta bazarında əhəmiyyəti, Aqrar Sığorta Fondunun təşkilati strukturu, hüquqi statusu, səlahiyyət və vəzifələri, fəaliyyətinin tənzimlənməsi, Fondun vəsaitlərinin formalaşması və səmərəli istifadəsi kimi məsələlər müzakirə edilib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərliyi ilə ASF-də keçirilən görüşlərdə aqrar sığorta qaydaları, sığorta tariflərinin müəyyən edilməsi, aqrar sığortada fermerlərə dövlət dəstəyi, zərərlərin ödənilməsi və təkrar sığorta proseslərinə nəzarət kimi məsələlər müzakirə obyekti olub.
Aqrar Sığorta Fondunun nümayəndələri Özbəkistan nümayəndə heyətinə Aqrar Sığorta İnformasiya Sisteminin fəaliyyəti və strukturu, onun digər informasiya sistemləri ilə inteqrasiyası, aqrar sığorta müqavilələrinin elektron bağlanması, sığortalıların hüquq və vəzifələri, müstəqil ekspertlərin fəaliyyəti, sığorta hadisələrinin araşdırılması, sığorta ödənişi prosesi mexanizmi kimi məsələlər barədə ətraflı məlumat veriblər.
Bakı səfəri zamanı Özbəkistan nümayəndə heyəti 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") ilə də tanış olublar.
Sərgidə Aqrar Sığorta Fondunun stendini ziyarət edən Özbəkistan nümayəndələrinə Azərbaycanda aqrar sığorta mexanizmi, sığortalanan məhsullar, aqrar sığortanın əhatə etdiyi və fermerlərlə iş, sığorta ödənişi və sair məsələlər barədə geniş məlumat verilib.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Botir Usmanaliyev "Caspian Agro" 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində "Aqrar sığorta sisteminin inkişaf perspektivləri: Azərbaycan təcrübəsi, çağırışlar və beynəlxalq təcrübə" mövzusunda panel müzakirələrində iştirak edib. B.Usmanaliyev panel müzakirəsində Özbəkistanda aqrar sektora təsir edən risklər, aqrar sığorta mexanizminin yaradılması üçün atılan addımlar, bu prosesdə Azərbaycan və Türkiyə təcrübəsindən istifadə edilməsi barədə geniş məlumat verib.
Xatırladaq ki, böyük kənd təsərrüfatı imkanlarına və potensialına malik olan Özbəkistanda Türkiyə və Azərbaycan təcrübəsi əsasında aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb. Aprel ayında bu ölkədə aqrar sığorta haqqında yeni qanun qəbul edilib və digər sənədlərin hazırlanmasına start verilib.