Salyanda pambıq sahələrində şum işləri artıq başa çatmaq üzrədir. Fermerlər bu işdə dövlətin dəstəyindən də yararlanırlar.
Azərbaycan Avropaya - Nar İxrac Etməyi Planlaşdırır
FED.az xəbər verir ki, ötən təsərrüfat ili Salyan rayonu üçün bir çox sahələrdə olduğu kimi, pambıqçılıqda da uğurlu keçib. Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il rayonda 9285 hektar sahədə pambıq əkilib, 29 min 394 ton məhsul əldə edilərək tədarük məntəqələrinə təhvil verilib. Bu da orta hesabla 36,1 sentner məhsul deməkdir.
Builki təsərrüfat ili üçün pambıq sahələrində canlanma müşahidə olunur. Rayonun əksər pambıq sahələrində şum işləri başa çatmaq üzrədir. Sarvan kənd sakini Natiq Qaraşov da şum işlərini yekunlaşdıran yüzlərlə fermerdən biridir. Ötən il 4 hektar sahədə taxıl əkən fermer növbəlilik prinsipinə əsaslanaraq pambıq əkmək fikrindədir: “Bu sahədə keçən il taxıl əkmişdim. Qış şumu aparmışam, indi pambıq əkəcəyəm. Pambıq əkməyimin də səbəbi budur ki, növbəli əkin torpağın məhsuldarlığını artırır. Fikrim var ki, “Lodos” pambıq sortu əkim”.
Pambığın məhsuldarlığı düzgün göstərilən aqrotexniki qulluqdan çox asılıdır. Bu isə elə pambıq sahələrinin şumlanmasından başlayır. Qış aratının da əhəmiyyəti çox böyükdür. Bu, torpaqda olan ziyanverici həşəratların, xəstəliklərin, sürfələrin məhv olmasına gətirib çıxarır. Nəticədə fermer bol məhsul əldə etmiş olur.
Rayonun Qızılağac kənd sakini Səxavət Cavadov deyib: “Keçən il 3 hektar yer əkmişdim. Yaxşı məhsul götürdüm, 45 sentner. Bu il 7 hektara çatdırmışam. Artıq şum işi başa çatıb. Yazda arata başlayacağıq. Texnika ilə təmin olunuruq, gübrəni də vaxtlı-vaxtında alırıq”.
Ötən il rayon üzrə pambıqçılıqda əldə olunan uğurlar fermerlərin ürəyincədir. Bu səbəbdən bu il pambıq sahələri bir qədər də genişləndirilib.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rişad Əsgərli bildirib ki, keçən il pambıq sahələrindən bol məhsuldarlıq və yüksək gəlir əldə edildiyinə görə bu il fermerlər daha çox pambıq əkininə üstünlük veriblər. Belə ki, 2023-cü təsərrüfat ilində 10 min 700 hektar sahədə pambıq əkinləri nəzərdə tutulub. Artıq əkin sahələrində şum işləri yekunlaşmaq üzrədir”. (Azərtac)