Dövlət Statistika Komitəsi arıçılıq məhsullarının istehsalı haqqında məlumatları açıqlayıb.
Qurumdan FED.az-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2024-cü ildə 30601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5 min 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub.
İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.
2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz azalmış, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artmış, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43,0 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 faiz azalıb.
Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.