Bu ilin yanvar-avqust aylarında aqroparklarda 152,4 min ton buğda, 71,4 min ton arpa, 115 min ton dən qarğıdalı, 13,7 min ton yonca, 19 min ton süd və 1,3 min ton ət istehsal olunub.
Eləcə də bax: Baş nazir Ağsuda müşavirə keçirib, buğda istehsalındakı problemlər - MÜZAKİRƏ OLUNUB
İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az-a verilən məlumata görə, 2018-2022-ci illər ərzində aqroparklarda ümumi sahəsi 8291 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2022-ci ilin ötən dövründə 819,2 ton şaftalı, 225 ton nektarin, 240 ton ərik, 323 ton gilas və s. yığılıb.
Hazırda 32 rayon üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
Bu günədək aqroparklara 1,4 mlrd. manat özəl investisiya yatırılıb. İnvestisiya təşviqi sənədi alan 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 mln. manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 mln. manat güzəştli kredit verilib.
Hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.