Bakıda keçirilən 17-ci Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi (Caspian Agro) çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos” arasında əməkdaşlığın genişləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, razılaşmaya əsasən, peyk təsvirləri və kosmik həllərdən istifadə etməklə ölkənin aktiv kənd təsərrüfatı ərazilərində əkin növlərinin xəritəsi, o cümlədən pivot suvarma sistemlərinin coğrafi məlumat bazasının yenilənməsi üzrə rəqəmsal xəritə hazırlanacaq.
Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində peyk təsvirləri əsasında iqlimin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi işlərinin aparılmasıdır.