Göyçay rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Aqrar Sığorta Fondu: "Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq"
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu, Göyçay rayon İcra Hakimiyyəti və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sığortanın tətbiqi, ölkədə baş verən təbii fəlakət və fermerlərə ödənişlər, bu sahədə gözlənilən yeniliklər müzakirə edilib.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək tədbirlərinin davamıdır. Belə ki, aqrar sığorta haqqının 50%-in fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın, 2023-cü ilin ilk yarısında isə 260 min manat sığorta ödənişi edilib.
Fond sədri bildirib ki, havaların qeyri-sabit keçməsi, leysan yağışları, sel və daşqınlar səbəbindən 2023-cü ildə sığorta hadisələri ötən ilə nisbətən kəskin artıb.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda aprel-may-iyun aylarında baş verən təbiət hadisələrinin sayı ümumiyyətlə 2022-ci ildə baş verən bütün təbiət hadisələrindən 50% artıqdır.
Fond rəhbəri bildirib ki, təbiət hadisələri nəticəsində fermerlərə dəyən zərərərin ödənilməsinə növbəti həftələrlə başanılacaq:
«Bu il ölkədə havaların qeyri-sabit keçməsi nəticəsində indiyədək sığortalanmış 420 min hektar əkin sahələrinin 135 min hektarına müxtəlif dərəcələrdə ziyan dəyib. Başqa sözlə, 120-130 miyon manatlıq məhsulu olan əkin sahələri tam və ya qismən zərər edib. Hazırda bu zərərlər bizim ekspertlər tərəfindən qiymətləndirilir. Qiymətləndirmə işləri tamamlanandan sonra, növbəti həftələrdə bu sahədə fermerlərimizə ödənişlərin edilməsinə başlanacaqdır və zərər çəkmiş bütün fermerlər təzminatlarını alacaqlar».
Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Əliyev rayonda kənd təsərrüfatının rolunu qeyd edərək, fermer və təərrüfatların dayanıqlı inkişafı üçün aqrar sığortanın vacibliyini bildirib. Onun sözlərinə görə, aqrar sığortanın daha da genişlənməsi yeni məhsulların sığortalanmasına da şərait yarada bilər.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri buğda, arpa, nar, xurma və digər meyvələrin sığortası, aqrar sığorta ekspertlərinin fəaliyyəti, sahələrə baxış və sair ilə bağlı suallarını və təkliflərini səsləndiriblər.
Tədbirdə qeyd edilib ki, əkin sahələrində sığorta hadisəsi baş verəndə əraziyə iki dəfə ekspert baxışı keçirilir və dəyən zərər dəqiq müayyən olunaraq ödəniş edilir.
Görüşdə fermerlərə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib. Bildirilib ki, istənilən fermer bu xidmətlər vasitəsilə sığorta haqqını hesablaya və sığorta şəhadətnəməsini yoxlaya bilər.
Tədbirdə iştirak edən müstəqil aqrar sığorta eksperti Rəşad Məmmədov fermerlərin əkin sahələrinin aqrar sığortası ilə bağlı suallarını cavablandırıb.
Regional görüşdə Mərkəzi Aran regionunda aqrar sığortanın tətbiqinə dəstək olan şəxslərə təşəkkürnamələr təqdim edilib.
Tədbirdən sonra Göyçay rayonunun Üngütlü kəndində nümunəvi təsərrüfata, meyvə bağına baxış keçirilib.