Azərbaycan nümayəndə heyəti Niderlandın aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatların fəaliyyəti ilə tanış olub.
Azərbaycan istixanaların müasirləşdirilməsi üçün Niderland şirkətlərini cəlb etmək istəyir
Daha sonra Azərbaycan nümayəndə heyəti Niderland Quşçuluq Mərkəzinə baş çəkib, quş əti və yumurtaların çeşidlənməsi prosesini izləyib, ölkədə quşçuluğun inkişafı istiqamətləri, bu sahədə əməkdaşlıq imkanlarını yerli mütəxəssislərlə müzakirə ediblər.
Nümayəndə heyəti yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan, dünyada kənd təsərrüfatı sahəsində kadr hazırlığına görə xüsusi reytinqə sahib Wageningen Universitetinə də baş çəkib, ali təhsil müəssisəsində tədrisin təşkili prosesi ilə maraqlanıblar. Sağlam qida və ətraf mühit prinsiplərinə xüsusi diqqət yetirildiyini deyən universitet rəhbərliyi tədris metodikası, elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib, ali təhsil müəssisəsində səfər iştirakçıları üçün istixana bağçılığı, bitkiçilik və toxum yetişdirmə texnologiyaları ilə bağlı təqdimatlar keçiriblər. Görüş zamanı Wageningen Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib.
Müasir istixana bağçılığı üzrə ixtisaslaşan Dünya Bağçılıq Mərkəzinə (World Horti Center) baş çəkən səfər iştirakçıları bu sahədə tətbiq olunan innovasiyalar, istixana sistemində tətbiq olunan innovativ işıqlandırma texnologiyası ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti üçün “Signify” şirkəti tərəfindən istixanaların elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı təqdimat keçirilib. Azərbaycan nümayəndə heyəti bağçılıq sahəsi üzrə ixtisaslaşmış məsləhət bürosunu da (Looije Agro Technics) ziyarət edib, Azərbaycanda mövcud olan istixana komplekslərinin müasirləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Niderlandlı mütəxəssislər müasir istixanaların qurulması və idarə olunması ilə bağlı Azərbaycandakı tərəfdaşlarına kömək etməyə hazır olduqlarını bəyan ediblər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində gülçülük və toxumçuluq təsərrüfatlarına da baş çəkib, burada tətbiq edilən müasir becərmə texnologiyaları ilə tanış olublar.