Kənd Təsərrüfatı Nazirliyi aqrar məhsulların yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının sahiblərinə xəbərdarlıq edib.
Eləcə də bax: Bu gün 44 min fermerə 22 milyon manat - SUBSİDİYA ÖDƏNİLDİ
FED.az xəbər verir ki, nazirlik bəyan edib ki, sözügedən obyektlər aprelin 30-na qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.
Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyat və hesabatlılıq alt modulları yaradılaraq istifadəyə verilib və Dövlət Aqrar İnkişaf Mərkəzləri bu istiqamətdə subyektlərə dəstək üçün təlimatlandırılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi qeydiyyat və 1-ci rüb hesabatlarını yekunlaşdırmayan taxıl elevatorları, anbar və istixana sahibi olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci ilin 1-ci rübü üçün hesabatlar aprel ayının sonuna qədər EKTİS-də təqdim edilməlidir.
Qeydiyyat və hesabatların verilməsi qaydası üçün nazirlik xüsusi təlimat hazırlayıb. Təlimatla bu linkə keçid etməklə tanış olmaq mümkündür.